Bakıda VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır

 

İyunun 27-də Qafqaz Universitetində VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, türk dünyasının öndəri, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş simpozium "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi tərəfindən təşkil olunmuşdur.

Azərbaycan, Türkiyə, Rusiya, İran, İtaliya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin mədəniyyətə, incəsənətə, mədəni irsin mühafizəsinə daim böyük əhəmiyyət verdiyini vurğulamışdır.

Simpozium barədə məlumat verən F. Xəlilli bildirmişdir ki, tədbir türk dünyasında mədəni irsin araşdırılması, qorunması, təbliği, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi, türkdilli ölkələrdə mədəni və arxeoloji turizmin təbliği və digər mövzuları əhatə edir.

Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin təmsilçisi Əhməd Aytaç türk mədəniyyəti, incəsənəti, mədəni irsin mühafizəsi ilə bağlı fikirlərini bildirmişdir.  

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə xüsusi önəm verdiyini xatırlatmışlar. Tarix, mədəniyyət, incəsənət və mədəni irsimizin zənginliyi barədə danışan alimlər onların daha da dərindən araşdırılmasının, təbliğ edilməsinin zəruriliyini diqqətə çatdırmışlar. 

Digər ölkələrdən olan alim və mütəxəssislər də beynəlxalq simpoziumun əhəmiyyətindən bəhs etmiş, təşkilatçılara təşəkkürlərini bildirmişlər. Sonra müzakirələr aparılmış, bölmə iclasları olmuşdur.

İyunun 29-da başa çatacaq beynəlxalq simpoziumda 150-dən çox məruzə dinləniləcəkdir.

Qeyd edək ki, əvvəlki simpoziumlar Türkiyə, Misir, İspaniya və İtaliyada keçirilmişdir.

 

Azərbaycan.-2013.- 28 iyun.- S.10.